“Baku Crystal Hall”da Azərbaycan Texniki Universitetinin (AzTU) təntənəli Məzun Günü keçirilib.
Hafta.az xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra AzTU-da həyata keçirilən layihələri və tələbələrin uğurlarını əks etdirən videoçarx nümayiş olunub.
Qonaqları salamlayan AzTU-nun rektoru professor Vilayət Vəliyev bildirib ki, bu il bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 4000 tələbə universiteti bitirərək yeni həyata qədəm qoyur. O, son illərdə universitetdə görülən işlər və aparılan yeniliklər barədə məlumat verib.
Rektor qeyd edib ki, AzTU-nun əsas hədəfi ölkənin texnologiya və sənaye sahələrinin inkişafına töhfə vermək, beynəlxalq əmək bazarının tələblərinə cavab verən mühəndislər və tədqiqatçılar yetişdirmək, elmi araşdırmalar və innovasiyalar vasitəsilə cəmiyyətin inkişafına xidmət etməkdir. Bu istiqamətdə beynəlxalq standartlar səviyyəsində layihələr icra olunur. Buna misal olaraq rektor bu yaxınlarda AzTU-nun nəzdində təsis edilən “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbi (AZSET) barədə məlumat verib. Qeyd edib ki, AZSET tələbələrə dünya standartlarında mühəndislik təhsili və real iş təcrübəsi qazandıran yeni təhsil modelidir. AZSET-də tədrisin tamamilə ingilis dilində aparılacağı və Münhen Texniki Universitetinin (TUM) akademik yanaşması, kurikulumu və qiymətləndirmə standartları əsasında təşkil ediləcəyi də vurğulanıb.
AzTU Basketbol Klubunun 2025/2026-cı il üzrə Tələbə Basketbol Liqasının çempionu olduğunu vurğulayan rektor universitetdə idman və sosial sahənin inkişafının da diqqət mərkəzində saxlanıldığını bildirib.
Məzunları təbrik edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin universitetlə əlaqələrin qorunub saxlanılmasının və bu bağın davamlı əməkdaşlığa çevrilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru professor Nurəli Yusifbəyli, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov, AzTU-nun fəxri məzunu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov, AzTU-nun fəxri məzunu, Milli Məclisin deputatı Zahid Oruc, müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev və valideyn Könül Hacızadə də məzunları təbrik edərək onlara uğurlu karyera və parlaq gələcək arzulayıblar.
Tədbirə canlı bağlantı ilə qoşulan Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar Məzun Günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, növbəti ay AzTU və Ankara Universitetinin kompüter mühəndisliyi ixtisası üzrə birgə həyata keçirdiyi ikili diplom proqramını uğurla bitirən tələbələr məzun olacaqlar. Onlara və bütün məzunlara uğurlar arzulayan rektor ikili diplom proqramına yeni qəbul olunan tələbələri də məmnuniyyətlə gözlədiklərini bildirib.
Məzunlar adından çıxış edən Fatimə Bədəlzadə bildirib ki, AzTU 4 il ərzində onlara yalnız ixtisas bilikləri deyil, həm də düşünməyi, araşdırmağı və inkişaf etməyi öyrədib. O, tələbəlik illərində həm dostluqlar qazandıqlarını, həm də gələcək üçün möhkəm bir təməl formalaşdırdıqlarını vurğulayıb.
“Bu gün buradan ayrılırıq, amma AzTU hər zaman bizim həyatımızın bir parçası olaraq qalacaq”, – deyə o bildirib.
Çıxışlardan sonra AzTU-nu yüksək ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə bitirən, həmçinin universitetin ictimai-sosial həyatında fəal iştirak edən məzunlara fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.

















